07.03.2026
Beynəlxalq Avrasiya Mətbuat Fondunda(BAMF) “Qərbi Azərbaycan həqiqətləri erməni mediasında: yalanlar və gerçəklər” mövzusunda tədbir keçirilib

Martın 7-də BAMF-də “Cosmoline” Tərcümə və Araşdırma Mərkəzi, ADPU-nun Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Müvəkkil Hüquq Mərkəzinin təşkilatçılığı ilə “Qərbi Azərbaycan həqiqətləri erməni mediasında: yalanlar və gerçəklər” mövzusunda tədbir keçirilib.

Tədbiri giriş nitqi ilə açan Müvəkkil Hüquq Mərkəzinin sədri, hüquqşünas Səməd Vəkilov Qərbi Azərbaycan mövzusunun araşdırılmasının və obyektiv məlumatların ictimaiyyətə çatdırılmasının əhəmiyyətindən danışıb. O bildirib ki, müxtəlif dövrlərdə Qərbi Azərbaycanla bağlı məlumatlar təhrif olunaraq təqdim edilib və bu səbəbdən məsələyə həm hüquqi, həm də tarixi baxımdan yanaşmaq xüsusi əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, arxiv materiallarının, beynəlxalq sənədlərin və tarixi mənbələrin araşdırılması həqiqətlərin üzə çıxarılmasına kömək edir.

Daha sonra, “Cosmoline” Tərcümə və Araşdırma Mərkəzinin icraçı direktoru Tünzalə Əsədova bildirib ki, çox təəssüf ki, Qərbi Azərbaycanla bağlı erməni media resurslarında materiallar birtərəfli və ya təhrif olunmuş şəkildə təqdim olunur. Bu səbəbdən də, həmin məlumatların araşdırılması, müqayisəli şəkildə təhlil edilməsi və faktlara əsaslanan yanaşmanın ortaya qoyulması xüsusi əhəmiyyət kəsb edir. Məhz, bu səbəbdəndir ki, tərəfimizdən həmin materiallar araşdırılmış, toplanmış, tərcümə və təhlil edilmişdir. T.Əsədova əlavə edib ki, sözügedən materialların tərcüməsi və təhlili regionda daha sağlam informasiya mühitinin formalaşmasına çox böyük xidmət göstərəcəkdir.

Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin rəhbəri Leyla Cəlalova isə çıxışında mövzunun elmi əsaslarla araşdırılmasının vacibliyini vurğulayıb. O, qeyd edib ki, ermənilər təkcə tarixi torpaqlara deyil, həm də Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə sahib çıxmağa cəhd göstəriblər. Onun sözlərinə görə, erməni mənbələrində Qərbi Azərbaycan mövzusu ilə bağlı yayılan məlumatların böyük hissəsi saxtalaşdırılmış və təhrif olunmuş şəkildə təqdim edilir və bu kimi iddiaların mahiyyətini ortaya qoymaq üçün geniş elmi araşdırmalar aparılmalıdır.

Tədbirə ev sahibliyi edən BAMF prezidenti Umud Mirzəyev çıxışında bildirib ki, Bakı tarixən beynəlmiləl şəhər kimi tanınıb. Onun sözlərinə görə, Ermənistan cəmiyyətində uzun illər anti-türk və anti-Azərbaycan ideologiyası təbliğ olunub. Mirzəyev vurğulayıb ki, Qərbi Azərbaycanın tanınmış şəxsiyyətlərinin həyat və fəaliyyətini əks etdirən layihələrin hazırlanması vacibdir və BAMF bu mövzuların işıqlandırılmasına daim dəstək verir.

Qərbi Azərbaycan İcmasının aparat rəhbəri Qalib Qasımov isə Ermənistan mediasında Qərbi Azərbaycan mövzusu ilə bağlı yayılan məlumatların diqqətlə izlənilməsinin vacibliyini qeyd edib. O, bildirib ki, müxtəlif dövrlərdə bu ərazilərdən on minlərlə azərbaycanlı zorla köçürülüb və bu faktlar tarixi sənədlərlə təsdiqlənir. Q.Qasımov əlavə edib ki, Qərbi azərbaycanlıların doğma torpaqlarına qayıdışı məsələsi beynəlxalq hüquq normaları çərçivəsində müzakirə olunur.

Qərbi Azərbaycan İcmasının gənclərlə iş üzrə məsul şəxsi Anar İrzaquliyev çıxışında tarixi yaddaşın qorunmasının vacibliyini vurğulayıb və gənclərin ata-baba yurdlarının tarixini öyrənməsinin əhəmiyyətini qeyd edib.

“Cosmoline” Tərcümə və Araşdırma Mərkəzinin Qafqaz regionu üzrə eksperti, layihə rəhbəri və baş tərcüməçi Həsən Əhmədov isə təqdimat zamanı erməni mediasında Qərbi Azərbaycanla bağlı yayılan bəzi materialların təhrif olunduğunu diqqətə çatdırıb. O bildirib ki, təqdimatda həm Ermənistan iqtidarının, həm də müxalifətinin mövzuya yanaşması araşdırılıb.

Tədbirdə, həmçinin, Azərbaycan Dillər Universitetinin(ADU) tələbələri, tarixçi-alim Məmməd Vəliyev, “Saral” kənd İcmasının rəhbəri Anar Osmanlı və “Bütöv Azərbaycan” qəzetinin təsisçisi, baş redaktoru Tamxil Ziyəddinoğlu çıxış edərək mövzu ilə bağlı fikirlərini bölüşüb və bu istiqamətdə aparılan araşdırmaların əhəmiyyətini vurğulayıblar.

Tədbir çərçivəsində H.Əhmədovun müəllifi olduğu saxtalaşdırılmış materiallara dair videoçarx nümayiş olunub.

Ən sonda tədbirlə bağlı xatirə fotosu çəkilmişdir.